×
A
A
A
Sazlamalar

Texas Nümayəndələr Palatası Xocalı soyqırımına dair bəyannamə imzalayıb

Bakı, 25 fevral, AZƏRTAC
ABŞ-ın Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Remember Khojaly” adlı tədbir keçirilib.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı və Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, həmçinin digər ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, yerli ictimaiyyətin tanınmış simaları, eləcə də Azərbaycana dost icmaların üzvləri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Hyuston şəhərində təhsil alan gənc tələbə Leyla Tağıyevanın aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Daha sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdiyi vandalizm aktları və hazırkı quruculuq işləri ilə bağlı videoçarxlar nümayiş olunub.
Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson çıxışında Xocalı soyqırımına dair bəyannamə imzaladığını və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcəyini bildirib. Deyib ki, Azərbaycanda səfəri zamanı ölkəmizin inkişaf etməkdə olan gözəl diyar olduğuna şahidlik edib. X.Conson Xocalı soyqırımı qurbanlarına görə məyus olduğunu deyərək, dünyada sülh və əmin-amanlığın vacibliyini, bu istiqamətdə dostların bir-birinə dəstək verərək çətin vəziyyətdən çıxmasının zəruriliyini vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova qeyd edib ki, 30 ildən çoxdur Azərbaycan xalqı dünyanın hər yerində “Xocalıya Ədalət” şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir. “2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalıda Azərbaycan Bayrağını ucaltması “Xocalıya ədalət”in təmin ediləcəyinə ümidləri artırıb. Cinayətkarların beynəlxalq məhkəmələrə cəlb edilməsi ilə Xocalı qurbanlarının həyatları geri dönməsə də, onların ruhlarının şad olacağı və cəmiyyətdə ədalətə inamın artacağı şübhə doğurmur”, - deyə o əlavə edib.
Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Nigar Şirəlizadə çıxışında soyqırımla bağlı beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatlardan söz açıb və beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı məsələsində daha ədalətli olmağa çağırıb.
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi Qarabağ və Xocalı soyqırımı haqqında siyasi-analitik məruzə ilə çıxış edib.
Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova tədbir iştirakçılarına təşəkkürünü bildirib, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il yad edildiyini, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını və məcburi köçkünlərin tezliklə öz evlərinə dönəcəklərini diqqətə çatdırıb.

Siyasət 2024-02-25 19:59:00