Fatma Yıldırım: Xocalı faciəsinin qurbanlarının, şəhidlərinin ruhu indi şaddır
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımından 32 il ötür. Bu qətliam zamanı 613 dinc sakin amansızlıqla, qəddarlıqla öldürülüb. Xocalı soyqırımı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə, insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, dünya tarixində belə qanlı qırğınlara nadir hallarda rast gəlinir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıda ermənilər bir gecədə bütün şəhəri yerlə-yeksan edib, əhaliyə qarşı kütləvi qırğın törədiblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ona görə də, Xocalı qətliamı bütün dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.
Onun sözlərinə görə, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra başlayıb: “Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məsələni diqqət mərkəzində saxlayır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələlərdən biri kimi müəyyənləşdirilib”.
Deputat onu da qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu sistemli tədbirlər həyata keçirir: “2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılır. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisasını yerdə qoymadı. Bu döyüşlərdə Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Xocalı şəhəri isə ötən il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bununla da, Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin ruhu şad oldu. Hazırda Xocalı şəhərində bərpa işləri sürətlə həyata keçirilir. Tezliklə, Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı başlayacaq. Qanlı-qadalı günlər yaşamış bu yurdda artıq öz sahibləri əbədi olaraq yaşayacaqlar”.
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
Ağdaban faciəsindən 32 il ötür
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı