×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı tarixi dərs kimi yaddaşımızda qalacaq

Bakı, 24 fevral, AZƏRTAC

Azərbaycan xalqının vətənsevər qüvvələri “Xocalıya ədalət!” kampaniyasını illər boyu inadla dünyanın üzünə çırpılan həqiqət şilləsi kimi təkrar-təkrar Xocalı abidəsinin önündə car çəkib. Ancaq beynəlxalq güc mərkəzləri bütün bunların hamısını görməzlikdən gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti artıq bizim üçün canlı obraz olan Xocalını Vətənin özünə qaytardı. Çingiz Aytmatov təsadüfi demirdi ki, Vətən həm də yaddaşdır. Xocalı Azərbaycan xalqının tarixi yaddaşıdır. Xocalı faciəsi yağılar üçün qəddarlığın ifadəsi idi. Xocalının işğaldan azad olunması elə yenə yağılar üçün ibrət dərsidir. Demək, qisas qiyamətə qalmır. Xocalı tarixi dərs kimi yaddaşımızda qalacaq.
Bunu AZƏRTAC-a açıqlamasında şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xələfli deyib. “Çox istəyərdim ki, Xocalı şəhərinin mərkəzi meydanında Xocalı faciəsini yaşadan abidənin təntənə motivi də ucaldılsın. Bəzən rəmzlər, simvollar tarix kitablarından daha sərt və daha aydın danışa bilir. İkinci Qarabağ savaşının ən xarakterik cəhətlərindən biri də bundan ibarət idi ki, Ali Baş Komandan müharibəni, sözün həqiqi mənasında, ədalət müstəvisində apardı. Dinc əhali qorundu, sosial obyektlər, şəhərlər insan əməyinin bütün həqiqətləri hifz olundu. Elə axırıncı antiterror tədbirlərini yada salaq. Bir nəfər də olsun dinc əhalinin burnu qanamadı. Bu, əsl Azərbaycan həqiqəti idi. Bu, Azərbaycan Ordusuna mükəmməl komandanlıq gücündə olan Ali Baş Komandanın fəhmi, savaş meydanını sonuncu küncünəcən diqqətində və nəzarətində saxlamasının nəticəsi idi”, - deyə o, əlavə edib.
Şair-publisist vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev növbədənkənar prezident seçkilərinin qalibiyyət mərasimində, andiçmədə bu il xocalıların öz yurdlarına qayıdacağını elan etdi. Bu, yağılara sonuncu dərs və ən tutarlı zərbə deməkdir, gücə güvənərək, zora arxalanaraq başqasının haqqına sahiblənmək iddiasında olanlara cavabdır. Dünyanın harasındasa insanların tarixi haqqına təcavüz edənlərin hər birinə ən tutarlı cavabdır Xocalı həqiqəti.
“Bu, artıq qisasın qiyamətə qalmadığını, tarixi həqiqətin bərqərar ola biləcəyinə inamın təsdiqi idi. Əlbəttə, burada düşmənin qəddarlığını, yağının soyqırımı siyasətini, genosid hərisliyini bir daha yada salmaq olardı. Qandonduran mənzərələri təkrar etmək də olardı. Ancaq biz qisas hissi ilə yaşamırıq. Biz Qarabağda ədaləti bərqərar etmişik. Bu, bizə bəs edir. Bəli, Xocalı var. İndi bunu qürurla demək olar”, - deyə Ə.R.Xələfli fikrini yekunlaşdırıb.

Qan yaddaşı 2024-02-24 16:46:00