×
A
A
A
Sazlamalar

Qəbələdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi etnik nifrət, irqi ayrı-seçkilik və sistematik zorakılıq siyasətinin tərkib hissəsi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocalı faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda keçirilən anım tədbirində səsləndirilib.
Qəbələ Arxeoloji Mərkəzinin akt zalında keçirilən tədbirin əvvəlində Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra qoruğun əməkdaşı Şamama Cəbrayılova XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıb. Xocalı soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildiyini vurğulayan qoruğun direktoru bu gün soyqırımla bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər aparılır.
Zahir Kərimov deyib: “Xocalı soyqırımı Azərbaycan xalqının mübarizə əzmini qırmağa yönəlmişdi. Lakin 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsi düşmənə və onun havadarlarına göstərdi ki, 30 ildə bizi heç nə sarsıda bilməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində günahsız xocalılıların qisası alındı, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu”.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin zabiti gizir Toğrul Ağayev, qoruğun əməkdaşı Xəyyam Yusifov erməni millətçilərinin əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs ediblər.
Çıxışlardan sonra məktəblilər Vətənə, Xocalıya, şəhidlərə, doğma torpağa həsr olunan şeirlər söyləyiblər.

 

Qan yaddaşı 2024-02-24 14:26:00