×
A
A
A
Sazlamalar

Bir gecənin dəhşətləri

Bakı, 24 fevral, AZƏRTAC

-İndi mən atamı itirdiyim yaşdayam. Üç övladım, dörd nəvəm var. Qızlarımdan birinə anamın adını vermişəm. İndi yeni nəvə gözləyirəm - əgər oğlan nəvəm dünyaya gəlsə, atamın adını verəcəyəm. Heç olmasa övladlarım, nəvələrim onların adını daşısın, bəlkə onların nakam taleyini davam etdirələr...
Xocalı sakini Vidadi Hüseynov danışdıqca əsir, titrəyir... 1992-ci ildəki məşum fevral gecəsinin şahidlərindən biri də odur.
-Evimiz şəhərin Daşbulaq adlanan hissəsində idi. Ailəliklə təsərrüfatla, qoyun-quzu, mal-davar saxlamaqla məşğul olmuşuq. Həmin axşam heyvanlara yem verəndən sonra tövləyə saldım - 16 baş qaramal, 40-a qədər qoyun, 4 camış, iki atımız var idi. Sonra adəti üzrə ermənilərlə həmsərhəd posta getdim. Həmin vaxt ara-sıra atəş səsləri eşidilsə də, artıq buna adət etmişdik. Haradasa saat 11-dən sonra aləm bir-birinə qarışdı. Xocalının ətrafında olan Xankəndi, Əsgəran, Noragüh və digər yerlərdə olan ermənilər elə bil bu məqamı gözləyirmiş. Atəş səsindən ağız deyəni qulaq eşitmirdi. Həmin atəş səsləri altında ermənilərin şəhərə soxulduğunu hiss edən sakinlər evləri tərk etməyə başlamışdılar, qadınların qışqırtısı, körpələrin çığırtısı bir-birinə qarışmışdı, - deyə Vidadi Hüseynov xəyalən 32 il əvvələ qayıdır. - Mənim getdiyim sərhəd postu evimizdən xeyli aralı idi, atəş səsləri isə hər an şəhərin içərilərinə doğru yaxınlaşırdı. Hamı Qarqarçayın sahilinə üz tutmuşdu.
Çayı keçməyə çalışanlar arasında kimlər yox idi? Kimə yaxınlaşıb evdəkiləri soruşsam da, gördüm deyən olmadı. Sahil boyu xeyli aşağı-yuxarı axtardım, atamgili görən olmamışdı, - deyə Vidadi qəhərli səslə danışır. - Güman yüz yerə gedir, onlar daha əvvəl də çayı keçə, arxadan gələnlərin də arasında ola bilərdilər... Ancaq hər anın öz hökmü var idi, vaxt itirmək olmazdı. Çayı keçib meşəyə çıxanda artıq ayaqlarım sözümə baxmırdı. İki barmağımı don vurmuşdu. Buz kimi soyuq çaydan çıxandan sonra tanımadığın, bələd olmadığın meşə ilə güllə yağışı altında getmək də asan deyildi. Üstəlik meşənin hər tərəfində hər an erməni yaraqlıları ilə üzləşə bilərdin.
O, Ağdama doğru üz tutan adamlara qoşulub don vurmuş ayaqları ilə iki gün meşə ilə yol gedib. “Əli avtomatlı ermənilər hər ağacın, hər kolun arxasında çıxa bilərdilər. Ona görə gündüzlər meşənin qalın yerlərində gizlənir, yalnız axşamlar yol gedirdik. Ac olsaq da, yemək heç yada da düşmürdü, arada qarın içində itburnu kollarının üstündə olan meyvələri dərib yeyənlər də olurdu. Dil-dodağım tez-tez quruyur, qabıqlanırdı, qarı götürüb ağız-burnumu ovuşdurur, yeyirdim. Ailə üzvlərimin fikri isə başımdan getmirdi. Nəhayət, fevralın 28-də Ağdamın Abdal-Gülablı kəndinə çatdıq. Çatan kimi kənd sakinləri, Xocalıdan gələnlərin yolunu gözləyənlər əl-ayağımızı ovuşdurur, ölümün ağzından keçib güc-bəla ilə özünü çatdıranlara ilkin yardım göstərirdilər. Məni dərhal Ağdam rayon xəstəxanasına apardılar, don vurmuş barmaqlarımın vəziyyəti yaxşı deyildi”.

Həmsöhbətimiz Xocalıdan Ağdama gələnə qədər yolboyu baş verən dəhşətli mənzərələri yada salıb: “Sinif yoldaşım Sevil kürəyinə şəllədiyi körpənin bir müddət nəfəsinin gəlmədiyini, aclıqdan, ya soyuqdanmı halsız vəziyyətə düşdüyünü görüb onun öldüyünü zənn edərək kürəyindən açıb yerə qoymuşdu. Onlardan arxada gələn qardaşı Elxan uşağın nəfəsinin gəldiyini görüb onu özü ilə gətirmişdi. İndi həmin uşaq böyüyüb, ailə həyatı da qurub. Salman kişinin oğlu Şakir həyat yoldaşı Gülzar və qayınatası Gülalı ilə xilas olmağa çalışarkən yolda hamiləliyin son aylarını yaşayan həyat yoldaşını yorğunluğu o dərəcədə haldan salıb ki, təkidlə yuxusu gəldiyini və bir neçə dəqiqə də olsa dincəlmək istədiyini deyib. Gülablı kəndi yaxınlığında “Təhrazın meşəsi” deyilən yerdə Gülzar qarın üstündəcə canını tapşırıb. Səfəralı kişinin oğlu atasını kürəyinə alıb Qarqarçayı keçirmişdi, qocanın ayaqları yer tutmadığından onu 2-3 kilometr belində gətirmişdi. Lakin hər tərəfdən ermənilərin mərmi və güllələr yağdırdığı uzun və keçilməz yolları başa vurmağın mümkünsüzlüyünü görən ixtiyar qoca təkidlə onu qoyub getməyi tələb etmişdi... Çəkisi 120 kiloqrama çatan Məryəm xala da yeriyə bilmədiyindən meşədə qalmışdı... Hansını deyəsən, hansını xatırlayasan?”.
Vidadi Ağdam xəstəxanasında cəmi bir gün müalicə alıb. Həkimlərin təkidinə baxmayaraq, səhəri günü əmisi oğlu Mübarizlə birlikdə Qaraqaya istiqamətinə gedərək ailə üzvlərini axtarıb. Günlərlə Ağdam məscidinə Xocalıdan gətirilən meyitlər və yaralılar arasında onları gəzib. Beynəlxalq Qırmızı Xaç Komitəsinə, beynəlxalq təşkilatlara müraciət edib, haradan nə soraq eşidibsə, harada bir işıq ucu qədər ümid varsa, onun dalınca gedib. Ancaq nə atası Hüseyn və anası Əzizə, nə bacısı Xoşbəxt, Süsən və Nəcibə, nə də qardaşı Zöhrab haqqında heç nə öyrənə bilməyib. Nə onları görən olub, nə meyitinə rast gələn. Faciə gecəsi camaat şəhəri tərk etməyə başlayanda atasının dayısı oğlu Eldar Abdullayev onların evlərinin qabağına gələrək bayırdan Hüseyni yubanmadan uşaqları götürüb çıxmağa çağırıb. Onun xəbərdarlığından sonra Hüseynovlar ailəsi çıxmağa hazırlaşıb. Lakin bu hadisədən sonra onlardan qətiyyən soraq tutmaq mümkün olmayıb...
“Tək qalmaq, bir gecənin içində doğmalarını itirmək böyük dərddir. Xocalı soyqırımı zamanı mən bütün ailə üzvlərimi itirdim. Ailə həyatı qurmuş yeganə bacım Gözəlin sağ qalmağına isə həmin vaxt həyat yoldaşının Laçında olan qohumlarının yas mərasiminə getməyi səbəb olmuşdu. 58 yaşında itirdiyim atam Hüseynin ocağında indi biz ikimiz qalmışıq”, - deyə indi Mehdiabadda məskunlaşan Xocalı sakini V.Hüseynov bildirib.

Qan yaddaşı 2024-02-24 11:11:00