×
A
A
A
Sazlamalar

Sumqayıt şəhərinin Tarixi Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Sumqayıt, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Abşeron-Xızı Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhərinin Tarixi Muzeyində dəyirmi masa təşkil edilib. Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsi ilə birgə hazırlanan tədbir qanlı faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Xocalı qətliamı haqqında videoçarx nümayiş olunub.
Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Musiqi Kollecinin tələbələri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyi anım tədbirində muzeyin direktor vəzifəsini icra edən Namiq Əliyev, AYB-in Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, qocaman pedaqoq Əvəz Mahmud Lələdağ, filologiya elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi Rafiq Yusifoğlu, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Hümbət Quliyev və başqaları Xocalı soyqırımının etnik təmizləmə siyasətinin bir hissəsi olduğunu söyləyib, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildiriblər. Xocalı qətliamının amansızlığına, qəddarlığına görə 20-ci əsrin ən böyük faciələrindən biri kimi bəşər tarixinə qanlı iz saldığı vurğulanıb.
Tədbir zamanı muzeyin fondunda qorunub saxlanılan, Xocalı soyqırımını əks etdirən fotoşəkillər, müxtəlif illərdə faktlar əsasında çap olunmuş kitablar, təsviri incəsənət əsərlərindən ibarət tablolar sərgilənib.

Regionlar 2024-02-23 22:06:00