×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qan yaddaşımızdır

Yevlax, 23 fevral, AZƏRTAC

1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi soyqırımı ağlasığmaz vəhşiliyin və vandalizm siyasətinin bariz nümunəsidir. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı unudulmaz qan yaddaşımızdır” mövzusunda tədbirdə səsləndirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və başqaları çıxış edərək, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdiyi faciələrdən, soyqırımı siyasətindən, Xocalı faciəsinin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən və ötən ilin sentyabr ayında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, üçrəngli Azərbaycan Bayrağı ölkənin hər bölgəsində qürurla dalğalanır.
Tədbirin sonunda B.Səfəroğlu adına xalq teatrının kollektivinin təqdimatında “Xocalıdan Zəfərə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Regionlar 2024-02-23 21:21:00