×
A
A
A
Sazlamalar

Xocalı dəhşətini heç zaman unutmayacağıq

Bakı, 23 fevral, AZƏRTAC

Bəşər tarixində az rast gəlinən dəhşətli cinayətlərdən biri - ermənilərin Xocalıda törətdikləri soyqırımının 32-ci ildönümüdür. Yüzlərlə uşaq, qadın, qoca bir gecədə vəhşicəsinə öldürüldü. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli hadisənin əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Heydər Əliyev bu amansız qətliam barədə deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında YAP Səbail rayonu “Neftçilər prospekti 24” ərazi təşkilatının sədri İmmiyə Zamanova söyləyib.
O bildirib ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində mütəmadi olaraq fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünyanın hər yerində aparılan “Xocalıya ədalət!” kampaniyasını böyük əzmkarlıqla davam etdirir. Bu kampaniya özündə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi məqsədi daşıyır.
İmmiyə Zamanova qeyd edib ki, 30 illik erməni işğalı artıq sona çatıb, Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı azad edib. Xalq, dövlət və ordu birliyinin gücü Qələbəmizlə taclandı. Ermənilər tərəfindən həyata keçirilmiş bütün vəhşiliklərin qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi, xalq-lider vəhdəti, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi.
“Artıq dörd ildir ki, xalq olaraq Xocalı faciəsini, qətlə yetirilən insanların əziz xatirəsini yeni dövrdə, fərqli hisslərlə yad edirik. Köksümüzdəki yaraların üstü qubar edir, nisgilli ürəklərimizə bir toxtaxlıq duyğusu hakimdir. Ölümün gözünə dik baxan qəhrəman oğullarımızın şücaəti, hər birinin bir dastana sığmayan igidliyi, cəsarəti, vətənpərvərliyi sabaha olan böyük ümidlərimizə işıq tutur. Qüdrətli dövlətimiz öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın həyatlarında yeni mərhələnin başlanmasına, onların yenidən öz doğma ocaqlarına qovuşmalarına, yaralarını sarmalarına imkan yaradır. Əminik ki, sabahımız dünənimizdən daha firavan, daha gözəl olacaq. Zaman bizi o qanlı tarixdən uzaqlaşdırdıqca, həmin günün ruhumuzdakı ağırlığı və dəhşətini təkrar daha dərindən hiss edir, anlayır və görürük. Faciənin yaralarının göynəməsi hələ də canımızda, qəlbimizdə, beynimizdədir. Xalq olaraq Xocalı dəhşətini heç zaman unutmayacağıq”, - deyə o əlavə edib.

Qan yaddaşı 2024-02-23 19:37:00