×
A
A
A
Sazlamalar

Tbilisidəki Cümə məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Tbilisi, 23 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərə start verib.
Hər il olduğu kimi, bu il də paytaxt Tbilisidə və Gürcüstanın bölgələrində səfirliyin dəstəyi və təşkilatçılığı ilə, eləcə də icma üzvləri tərəfindən müxtəlif anım tədbirləri keçirilir.
AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri fevralın 23-də Tbilisidəki “Cümə” məscidində təşkil olunub.
Məsciddə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhuna dualar oxunub.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov xütbə oxuduqdan sonra Cümə namazı qılınıb.
Cümə namazında təkcə Gürcüstanda yaşayan azərbaycanlılar deyil, bu ölkədə yaşayan, işləyən, təhsil alan Türkiyə, Pakistan, İran, Əfqanıstan, Hindistan, Malayziya, Qazaxıstan, Rusiya, Özbəkistan, Banqladeş və digər ölkələrdən minə yaxın müsəlman iştirak edib.
Səfirliyin əməkdaşları, məscidin imamları və azərbaycanlı jurnalistlər xarici ölkələrdən olan tələbələrə Xocalı soyqırımı ilə bağlı məlumat veriblər.
Cümə namazından sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və təşəbbüsü ilə ehsan verilib, ehtiyacı olanlara yardım göstərilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Qan yaddaşı 2024-02-23 17:43:00