×
A
A
A
Sazlamalar

Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda Azad Həmkarlar Təşkilatı, YAP ərazi təşkilati, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Tədbir Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan institutun Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu vurğulayıb. O deyib: “Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Azərbaycanın Qarabağ ərazisini ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi”.
E.İsakov qeyd edib ki, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya ölkələri ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Daha sonra institutun əməkdaşları Nüsrət Əliyev və İnqilab İsmayılov çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsindən və 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən danışaraq Xocalı qurbanlarının və şəhidlərin qanının yerdə qalmadığını vurğulayıblar. Həmçinin çıxışlarda dövlətimizin iqtisadi gücü, hərbi potensialı və beynəlxalq aləmdə nüfuzunun artdığı vurğulanıb.
Sonda Xocalı qurbanlarının xatirəsini yad etmək üçün videoçarx nümayiş etdirilib.

Qan yaddaşı 2024-02-23 17:14:00