×
A
A
A
Sazlamalar

Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

Tərtər, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il keçir. Bu gün xalqımız 20 Yanvar faciəsini kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, eyni zamanda, xalqımızın qəhrəmanlıq manifesti, azadlıq mübarizəsinin başlanğıcıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar Tərtər rayonunda Şəhidlər abidəsi ziyarət edilib. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, qazilər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə gül dəstələri qoyublar. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsi ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Tədbirdə Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən bəhs edilib. Bildirilib ki, hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. 34 il əvvəl Azərbaycan xalqı çox ağır imtahan verdi və bu sınaqdan qalib çıxdı.
Sonra tədbir iştirakçıları məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.
Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən siqnallar verilib, Azərbaycanın Dövlət Bayrağı endirilib.

Regionlar 2024-01-20 17:05:00