×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günüdür

Şəki, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən qəhrəman Vətən övladları ilə daim fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü Şəki rayonunda da silsilə tədbirlərlə anılıb. Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri “Şəhidlər xiyabanı”na gələrək Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində iştirak edənlər Azərbaycan tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 20 Yanvarın, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirib, onların mübarizliyini daha da artırıb.
Ümumxalq Hüzn Günü ilə əlaqədar saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə əlaqədar şimal-qərb bölgəsinə daxil olan digər rayonlarda da anım tədbirləri keçirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Regionlar 2024-01-20 16:06:00