×
A
A
A
Sazlamalar

20 Yanvar hadisələri xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi tarixə həkk olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 20 Yanvarın xalqımızın qəhrəmanlıq səhifəsi və azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzi, şərəf günü olduğunu vurğulayıb.
20 Yanvar faciəsini şərtləndirən əsas amillərə, tarixi faktlara toxunan rektor, ovaxtkı SSRİ rəhbərliyinin bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmasına, ona görə də bu vəhşiliyi gizlətmək üçün bütün rıçaqlarını işə salınmasına diqqət çəkib. Bildirib ki, bu çirkin planı hər zaman xalqın yanında olan Ulu Öndər Heydər Əliyevin atdığı cəsarətli addım pozub. Məqsədli şəkildə bütün vəzifələrdən uzaqlaşdırılmasına və ciddi nəzarətdə saxlanılmasına baxmayaraq, Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı törədən cinayətkarları dünya ictimaiyyəti qarşısında ifşa edib.
Yaqub Piriyev məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənədin qəbul olunduğunu söyləyib.
Ulu Öndərin Azərbaycan siyasi rəhbərliyinə qayıdışından sonra 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyini, Milli Məclisin müvafiq qərar qəbul etdiyini nəzərə çatdıran rektor, eyni zamanda, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, sosial müdafiəsi üçün addımların atıldığını bildirib.
Artıq 4 ildir 20 Yanvar faciəsini fərqli əhval-ruhiyyədə, qalib xalq kimi qeyd etdiyimizi önə çəkən rektor, rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini, suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb. Doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağının əzəmətlə dalğalandığını dilə gətirən Yaqub Piriyev, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu deyib.
Sonra çıxış edən Milli Məclisin komitə sədri, deputat Sadiq Qurbanov 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini, eyni zamanda, bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilməsi üçün atdığı cəsarətli addımları, müvafiq qərarları diqqətə çatdırıb.
Ulu Öndər Heydər Əliyevin xalqın nəinki bu gününü, gələcəyini müəyyənləşdirdiyini, bu siyasətin davam etdirildiyini deyən Sadiq Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin, ötən il 24 saatdan da az çəkən antiterror tədbirlərinin dünyanın ən öndə gedən dövlətlərini belə heyrətə gətirdiyini, bu qələbənin hələ də onlar tərəfindən araşdırıldığını söyləyib.
Daha sonra BMU Qadınlar Şurasının sədri Ətrabə Gül və universitetin IV kurs tələbəsi Nəzrin Babayeva çıxış ediblər. Çıxışlarda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb, müasir gəncliyin üzərinə düşən vəzifələrdən bəhs olunub.

Regionlar 2024-01-19 17:54:00