×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: Bu il milli hərbi sənayemizin sürətli inkişafına şahid olacağıq

Bakı, 4 yanvar, AZƏRTAC

Hərbi sənayenin inkişafına bir milyard manat vəsaitin qoyulması olduqca mühüm hadisədir. Bu il milli hərbi sənayemizin sürətli inkişafına şahid olacağıq.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin bilavasitə qayğı və diqqəti milli hərbi sənayenin inkişafı üçün geniş perspektivlər açır:
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində cari illə bağlı bir sıra müjdələr verdi. Bu müjdələrdən biri də 2024-cü ildə milli hərbi sənayenin inkişafına bir milyard manat məbləğində sərmayənin qoyulacağı ilə bağlıdır. Bu fakt bir daha onu göstərir ki, hərbi sənayenin inkişafı dövlətimiz üçün prioritet sahələrdən biridir və bu inkişaf ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun, güc və qüdrətinin daha da yüksəlməsinə səbəb olacaq”.
Cəlil Xəlilov qeyd edib ki, milli hərbi sənayemizin istehsal etdiyi məhsullar 2020-ci ilin Vətən müharibəsində özünü yüksək səviyyədə doğruldub, ordumuzun təchizatında mühüm rol oynayıb. “Müharibə bir daha sübut etdi ki, Azərbaycan hərbi sənayesinin istehsal etdiyi məhsullar müasir tələblərə cavab verir və bu məhsullara beynəlxalq arenada ciddi ehtiyac var. Milli hərbi məhsullarımızın rəqabətə davamlılığı onların yüksək keyfiyyətə malik olmasının göstəricisidir. Bu baxımdan hesab edirəm ki, hərbi sənayemizin inkişafına bir milyard manat vəsaitin qoyulması olduqca mühüm hadisədir və biz yaxın illərdə bu böyük addımın ciddi nəticələrinə şahid olacağıq.
Ən əsası, bu olay həm də Müzəffər Ali Baş Komandanın dövlətimizin müdafiə və təhlükəsizliyinə verdiyi önəmi göstərir və hər mənada alqışlanmalıdır”, -deyə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vurğulayıb.

 

 

Ordu 2024-01-04 07:22:00