×
A
A
A
Sazlamalar

Yunanıstanın Saloniki şəhərində “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda tədbir keçirilib

Saloniki, 26 dekabr, AZƏRTAC

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Saloniki şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yunanıstanın Saloniki-Makedoniya regionunda yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, il ərzində Cəmiyyət tərəfindən keçirilən tədbir və görüşlər haqqında məlumat verib.
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin, eləcə də Azərbaycan diasporunun formalaşmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Diplomat məhz Ulu Öndərin müvafiq qərarları ilə Dünya Azərbaycanlılarının ilk Qurultayının keçirildiyini, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldığını xatırladıb.
Səfir vurğulayıb ki, Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə sayəsində torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması hər bir azərbaycanlının qürur mənbəyidir.
Tədbirdə Türkiyənin Saloniki şəhərindəki baş konsulu Serkan Gedik də iştirak edib.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Saloniki

Diaspor 2023-12-26 23:05:00