×
A
A
A
Sazlamalar

Qarabağ əsilli diaspor fəalı Koreya radiosunda Azərbaycan haqqında geniş məlumat verib

Bakı, 8 dekabr, AZƏRTAC

Koreya Respublikasının “Unification Media Group” (UMG) media şirkətinin “Dünya insanları” adlı radio proqramında Azərbaycandan bəhs edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan icmasının fəal üzvü Rahil Əhmədova proqram izləyicilərini Azərbaycan dilində salamlayıb. Diqqətə çatdırıb ki, “Koreya Dövlət Təqaüd Proqramı” vasitəsilə 2008-ci ildə bu ölkəyə tələbə kimi gələndə yerli sakinlərin “Azərbaycan adlı ölkə olduğunu bilmirdim, ilk dəfədir eşidirəm” sözləri ilə tez-tez qarşılaşıb. İndi isə getdikcə daha çox koreyalının vətənimizi tanıdığını görür və buna sevinir.
Soydaşımız 40 dəqiqə ərzində Azərbaycanın qədim tarixi, coğrafiyası, zəngin mədəni irsi və Qarabağ müharibəsi barədə məlumat verib. Əslən Azərbaycanın Qarabağ bölgəsindən olduğunu, erməni işğalı nəticəsində 4 yaşında olarkən doğma vətənində məcburi köçkünə çevrildiyini, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası xəbərinə çox sevindiyini bildirib. Azərbaycan musiqisinin gözəlliyini nümayiş etdirmək məqsədilə radioizləyicilərə “Bayatılar” və “Qaytar mənim eşqimi” mahnılarını təqdim edib.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin birinci kursunu bitirdikdən sonra Koreyada təhsilini davam etdirən Rahil Əhmədova 15 ildir bu ölkədə yaşayır. Keimyung Universitetinin bakalavr pilləsini, Kyunpuk Milli Universitetinin (Kyungpook National University) magistratura pilləsini bitirib. Müxtəlif yerli şirkətlərdə və Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyində çalışıb. 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin ədalətli mövqeyinin, Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasında fəal iştirak edib. Hazırda Koreyada Azərbaycanı geniş şəkildə tanıtmaq və bu ölkədə yaşayan xaricilərin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə Koreyanın Ədliyyə Nazirliyi və Seul bələdiyyəsi ilə birlikdə layihələr həyata keçirir, müxtəlif məktəb və universitetlərdə Azərbaycanın təqdimatlarını gerçəkləşdirir.
Bu ilin oktyabr ayında Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyinin “1st Multicultural Awards” mükafatı ilə təltif olunub.
Müsahibəni aşağıdakı linklərdən dinləmək mümkündür:
https://www.uni-media.net/?page_id=69877&mod=document&pageid=1&uid=38332 
https://www.uni-media.net/?page_id=69877&mod=document&pageid=1&uid=38376 

Diaspor 2023-12-08 02:39:00