×
A
A
A
Sazlamalar

“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” mövzusunda tədbirin iştirakçıları mətbuat konfransı keçiriblər

Bakı, 29 noyabr, AZƏRTAC

“Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə” beynəlxalq konfransının iştirakçıları mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, Diaspor Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdir müavini Cavid İsmayıl tədbiri açaraq Azərbaycan Diasporuna Dəstək Fondunun və Qızılbaş Qlobal İrsi Təşkilatının birgə dəstəyi ilə baş tutan konfransın “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq gerçəkləşdirildiyini bildirib. “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayında proqram xarakterli tarixi çıxışında dünya azərbaycanlılarını tarixi vətənləri əlaqələrini gücləndirməyə, ana dilini unutmamağa çağırmışdı. Konfrans iştirakçıları dünən mədəniyyət paytaxtımız Şuşaya səfər edib, Ermənistanın Qarabağda tarixi-mədəniyyət abidələrimizə qarşı törətdiyi vandallıqların şahidi olublar. Hesab edirəm ki, bu konfrans tarixi vətənlərini görməyə can atan qızılbaş soydaşlarımızı bir araya gətirmək, onların Azərbaycanla əyani tanışlığını təmin etmək, beləliklə, dünyanın müxtəlif bölgələrində yaşayan Azərbaycana bağlı insanların sayını və ölkəmizin beynəlxalq aləmdə etibarını artırmaq, 30 illik işğal müddətində ermənilərin həyata keçirdiyi vandalizm fəaliyyətinin nəticələrini qızılbaş soydaşlarımıza nümayiş etdirmək, Azərbaycan tarixinin şanlı səhifəsi olan qızılbaş irsinin daha geniş miqyasda öyrənilməsi və təbliği ilə bağlı atılacaq addımları təhlil etmək baxımından da faydalı olacaq”, - deyə o qeyd edib.
Qızılbaş Qlobal İrsi Təşkilatının rəhbəri Babək Hüseynli qurumun yaranma tarixi və səbəbləri barədə məlumat verib. Qeyd edib ki, konfransda Azərbaycan qızılbaş diasporunun 20-yə yaxın nüfuzlu nümayəndəsi və Türkiyə, Kanada, Sinqapur, Pakistan, Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Böyük Britaniya kimi ölkələrdə Azərbaycanın qızılbaş irsinin tədqiqatı ilə məşğul olan tanınmış mütəxəssislər iştirak ediblər.
Sonra konfrans iştirakçıları tədbir və Azərbaycana səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Mətbuat konfransı jurnalistlərin suallarının cavablandırılması ilə başa çatıb.

Diaspor 2023-11-29 18:10:00