×
A
A
A
Sazlamalar

“Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” konfransının iştirakçıları Şuşada olublar

Bakı, 29 noyabr, AZƏRTAC

Bakıda “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar yolboyu erməni qəsbkarlarının 30 illik işğal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağıntıların və postmüharibə dövründə aparılan genişmiqyaslı quruculuq-bərpa işlərinin şahidi olublar.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması barədə ətraflı məlumat verib və sualları cavablandırıb.
Qonaqlar güllələnmiş heykəllərin yerləşdiyi meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət ediblər.
Onlara Şuşada aparılan bərpa-quruculuq işləri, mədəniyyət paytaxtımızın irimiqyaslı tədbirlərə ev sahibliyi etdiyi barədə məlumat verilib.

Diaspor 2023-11-29 12:20:00