×
A
A
A
Sazlamalar

Diaspor fəalı Fransa kanalında Azərbaycan həqiqətlərini diqqətə çatdırıb

Bakı, 29 noyabr, AZƏRTAC

Fransada yayımlanan “Géopolitique Profonde” (“Dərin geosiyasət”) kanalında Azərbaycan həqiqətlərindən bəhs edilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Ermənistana daxil olacaqmı?” mövzusuna həsr edilmiş proqramın aparıcısı Mayk Borovskinin qonağı Azərbaycan əsilli fransalı politoloq, hüquqşünas, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Fransada Qərbi Azərbaycan irsinin qorunması” İctimai Birliyinin sədri Zaur Sadıqbəyli olub.
Müsahibə zamanı öncə erməni icmasının Fransa mediasında debatları öz inhisarına aldığı, Azərbaycanın guya Ermənistanın ərazisinə daxil olacağı barədə dezinformasiyalar yaydıqları, obyektivliyini qoruyub saxlamaq istəyən bəzi fransalı jurnalistlərin görünməmiş təhdidlərlə qarşılaşdıqları bir daha diqqətə çatdırılıb. Fransa mediasında Azərbaycan ərazilərinin işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, 35 min azərbaycanlının həlak olduğu, 4 minə yaxın azərbaycanlının yoxa çıxması, ermənilərin işğal illərində Qarabağda törətdikləri dağıntının miqyası kimi faktlardan danışılmadığı vurğulanıb: “Onlar talan ediblər, çayları zəhərləyiblər, hər şeyi dağıdıblar, narkotik ticarəti ilə məşğul olublar və sair”.
Zaur Sadıqbəyli bildirib ki, Azərbaycanın Konstitusiya quruluşu Qarabağda tam bərpa olunduğu üçün öz ərazilərimizdə kütləvi məzarlıqların axtarılması prosesinə başlanılıb. Onun fikrincə, Qarabağda aşkarlanacaq yeni kütləvi məzarlıqlar cəmiyyətimizə yeni bir sarsıntı yaşadacaq.
Azərbaycan dövlətçiliyinin tarixi, çar Rusiyasının Qafqaz bölgəsini işğal etdiyi, erməniləri İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə köçürdüyü, azərbaycanlıları zorla öz doğma yurdlarından qovduğu, Qarabağın hüquqi cəhətdən hər zaman Azərbaycan torpağı olduğu faktının 1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsində təsbit edildiyi, bu müqavilədən sonra Qarabağ xanının qətlə yetirildiyi kimi faktlar sadalanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Ermənistan arasında sərhədlərlə bağlı hüquqi boşluğa son qoyulmasının, baş nazir Nikol Paşinyanın Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi şəkildə etiraf etməsinə qarşı çıxan revanşistlərin qarşısının alınmasının, Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin bir daha təkrarlanmaması, Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərpa olunması üçün dünya birliyinin əlindən gələn hər şey etməsinin vaxtı çatıb. “Fransanın bir hissəsi separatçı rejim tərəfindən işğal olunsaydı, 26 il ərzində Fransa Respublikasının qanunları həmin ərazidə işləməsəydi...”, - deyə soydaşımız bənzər durumu təsəvvürünə gətirmədiyini söyləyib.
Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:
https://www.youtube.com/watch?v=HjLT0HIz_QA

Diaspor 2023-11-29 02:02:00