×
A
A
A
Sazlamalar

Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğızıstan Xalq Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Bişkek şəhərinə səfəri çərçivəsində Qırğızıstan Xalq Assambleyasının (QXA) sədri Almambet Matubraimovla görüşüb.
Dövlət komitəsindən AZƏRTAC-a bildiriblər ki, A.Matubraimov hazırda Qırğızıstan ərazisində 100-dən artıq milli azlığın nümayəndələrinin yaşadığını diqqətə çatdırıb. Qeyd olunub ki, bütün milli azlıqların hüquq və azadlıqlarının təmin olunması istiqamətində çalışan QXA-da 30 təşkilat rəsmi olaraq təmsil olunur və təşkilatların rəhbərləri qurumun İdarə Heyətinə daxildir. O, Türk dünyasında yüksəlişin müşahidə edildiyini qeyd edərək, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil qüvvəyə çevrildiyini, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyini vurğulayıb.
Qırğızıstanda Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksini, Nizami Gəncəvi adına 103 nömrəli Qırğızıstan-Azərbaycan orta məktəbini və “İrs” İctimai Birliyinin nəzdindəki “Bazar günü məktəbi”ni ziyarət etdiyini bildirən F.Muradov həmin məktəblərdə Azərbaycan dilinin tədris olunmasından məmnunluğunu ifadə edib. Dövlət komitəsinin sədri qırğız cəmiyyətinə sıx inteqrasiya edən azərbaycanlıların dövlət qayğısı ilə əhatə olunduğunu yüksək qiymətləndirib.
F.Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, rəhbərlik etdiyi dövlət komitəsinin fəaliyyət istiqamətləri, həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı danışıb. Zəfərimizin Azərbaycan diasporunun tarixində yeni mərhələ açdığını vurğulayan komitə sədri hazırda xaricdə yaşayan azərbaycanlıların diqqətinin daha çox milli-mədəni irsimizin təbliğinə yönəldiyini diqqətə çatdırıb.
Görüşün sonunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğızıstan Xalq Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.
Almambet Matubraimov bildirib ki, Assambleyanın tarixində ilk Anlaşma Memorandumu Azərbaycanla imzalanıb.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi də aparılıb.

Diaspor 2023-11-27 18:20:00