×
A
A
A
Sazlamalar

Bakıda “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB

Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondu və “Qızılbaş” Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfransın açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Kanadada yaşayan soydaşlarımızın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gətirdiyi “Azərbaycanda Qızılbaş irsi” adlı videoçarx nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək konfransın məqsədi və komitənin fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, XV əsrin ikinci yarısında meydana çıxmış Azərbaycan qızılbaşlarının qurduğu Səfəvi, Əfşar və Qacar dövlətlərinin Mərkəzi və Cənubi Asiya coğrafiyasında qalan tarixi imperial mirasından uzaq və yaxın perspektivdə ümummilli məqsədlər üçün faydalanmaq tarixi zərurətdir, Diasporla İş üzrə Dövlət Komitəsi bu vacib missiyanın gerçəkləşdirilməsində ilkin fəaliyyətə başlayıb.
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərli mühüm mövzuya həsr olunan konfransın keçirilməsini dəstəklədiklərini bildirib. Mədəniyyət Nazirliyinin həm də tarixi abidələrin mühafizəsinə məsul olduğunu deyən nazir müavini təəssüflə qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı nəticəsində bir çox tarixi abidə ilə yanaşı, qızılbaşlara aid irs də erməni vandalizminin qurbanına çevrilib.
Qızılbaş Qlobal İrsi Şurası Təşkilatının sədri Babək Hüseynli konfransda iştirak edən qızılbaş nəsillərinin nümayəndələrini ata yurdunda salamlamaqdan məmnunluğunu vurğulayıb. O, təşkilatın üç il əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yaradıldığını və İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün ciddi fəaliyyət göstərdiyini söyləyib. B.Hüseynli Əfqanıstan, Pakistan və Hindistanda hazırda həyata keçirdikləri layihələr barədə məlumat verib.
Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini Arşi Qızılbaş isə deyib ki, məqsədləri qurumun inkişafına, eləcə də BMT və UNESCO tərəfindən dünya irsini qoruyan bir təşkilat kimi tanınmasına nail olmaqdır.
Qeyd edək ki, konfransın açılış mərasimində “Qızılbaş” Qlobal İrs Şurasının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, Qızılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Konfrans işini panel iclasları ilə davam etdirəcək.

Diaspor 2023-11-27 17:21:00