×
A
A
A
Sazlamalar

TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul şəxsləri Bişkekdə bir araya gəliblər

Bakı, 23 noyabr, AZƏRTAC

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 5-ci iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, toplantının gündəliyinə üzv dövlətlərin diaspor qurumları və türk diasporları arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi məsələləri daxil edilib.
Qırğız Respublikasının əmək və sosial təminat naziri Gülnarə Batırova iclası açaraq qonaqları salamlayıb.
Sonra TDT Baş katibi Kubanıçbek Ömüralıyev gündəlikdəki məsələlər barədə ümumi məlumat verib, hazırda dünyada gedən mürəkkəb proseslərin diasporun fəaliyyətinə də birbaşa təsir göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında gələn il TDT-nin yaranmasının 15 illiyi münasibətilə Naxçıvan şəhərində üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin görüşünün keçirilməsini, eləcə də TDT diaspor alimlərinin ümumi məlumat bazasının yaradılmasını təklif edib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İclasda Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren (Türkiyə), NAO Otandastar Fondunun prezidenti Abzal Saparbekuli (Qazaxıstan), “Vatandoşlar” İctimai Fondunun İdarə Heyətinin sədri Odilcan Sattarov (Özbəkistan), Xaricdə yaşayan macar icmaları məsələləri üzrə dövlət katibi Arpad Yanoş Potapi (Macarıstan) çıxış ediblər.
“Türk diasporunun 2022-2026-cı illər üzrə Birgə Fəaliyyət Strategiyası” müzakirə olunub və Azərbaycan nümayəndə heyətinin təklifləri müsbət qarşılanıb.
2024-cü ildə Naxçıvan şəhərində təşkil olunacaq TDT-nin 3-cü Diaspor İnstitusional Təcrübə Mübadiləsi Proqramı çərçivəsində təşkilatın yaranmasının 15 illiyi münasibətilə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin görüşünün keçirilməsi qərara alınıb.

Diaspor 2023-11-23 19:44:00