×
A
A
A
Sazlamalar

Kant şəhərinin merinə Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verilib

Bakı, 22 noyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Qırğız Respublikasına səfəri çərçivəsində Kant şəhər meri Ulan Bekbolotoviç Maylibaşevlə görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kantın ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhər olduğunu diqqətə çatdıran mer şəhərdə Türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin olduğunu vurğulayıb. O, Azərbaycanın Ağdam və Şuşa şəhərlərinə səfərinin təəssüratlarını da bölüşüb.
Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib. Kant meriyası ilə diasporumuzun birgə əməkdaşlıq perspektivləri diqqətə çatdırılıb. Azərbaycanlıların və diaspor təşkilatlarının normal yaşayışı və fəaliyyəti üçün yaradılmış imkanlara görə minnətdarlıq ifadə edilib.
Görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.
Komitə sədri merlə birlikdə Heydər Əliyev küçəsinə gəzintiyə çıxıb və həmin küçədə yerləşən məscidi ziyarət edib. Dahi şəxsiyyətin adını daşıyan küçədə yaşayan bir qrup azərbaycanlı ilə söhbət zamanı milli kimliyin və Azərbaycan dilinin unudulmaması kimi vacib məqamlara toxunulub. İcma nümayəndələrinə Azərbaycan bayraqları hədiyyə edilib.

 

Diaspor 2023-11-22 19:31:00