×
A
A
A
Sazlamalar

ABŞ mətbuatı: Mina problemi olmasaydı, Azərbaycan daha çox ərazini təmizləyib qayıdışı təmin edərdi

Bakı, 31 oktyabr, AZƏRTAC

Cari il sentyabrın 19-da ermənilərin basdırdıqları mina partlayışlarında həlak olan 6 nəfər haqqında danışan, habelə Ermənistanı mina xəritələrini verməyə çağıran sərt bəyanatları görmürük. Ermənistanın təqdim etdiyi xəritələrin yalnız 25 faizi dəqiqdir və insan itkisi riski yüksək olduğundan, bu xəritələrə etibar etmək olmur. Bu azmış kimi, bəzi beynəlxalq ekspertlər Azərbaycan ərazisinin minalardan təmizlənməsinin uzun illər çəkəcəyini proqnozlaşdırır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-ın populyar “Frontpage Magazine” qəzetində dərc olunmuş məqaləsində yazıb.
Bir sıra beynəlxalq siyasi ekspertlərin fikirlərinin yer aldığı “Niyə indi minaları qadağan etməliyik?” sərlövhəli məqalə diqqətə çatdırılıb ki, ermənilərin basdırdıqları minalarla bağlı problem olmasaydı, Azərbaycan tərəfi daha çox ərazini təmizləyib məcburi köçkünlərin öz evlərinə qayıdışını təmin etmiş olardı.
Eyni zamanda, vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 ilə yaxın davam etmiş işğalı nəticəsində ölkəmizin ərazisi kütləvi şəkildə mina və müharibə qalıqları ilə çirkləndirilib. Belə ki, ANAMA-nın statistik məlumatına əsasən, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan indiyədək 189 mina partlayışı baş verib, 2023-cü il sentyabrın 28-dək bu partlayışlar nəticəsində 327 nəfər həlak olub və ya yaralanıb.
İsrailli politoloq bu mənada qeyd olunan problemi işıqlandıran statistikaların mina problemini həll etmək və günahsız insanların həyatını qorumaq üçün təcili tədbirlərin görülməsinə ehtiyac duyulduğuna dair həyəcan siqnalı verib.
Qeyd olunub ki, Azərbaycan tərəfi minaların tələ kimi qoyulduğunu əks etdirən videolar yayımlayıb. Belə ki, Xankəndidə yanacaqdoldurma məntəqəsində baş vermiş məlum partlayışdan sonra Azərbaycan hakimiyyəti Qarabağın erməni sakinlərinə yardım göstərmək məqsədilə humanitar yardım və yanğınsöndürənlər göndərib.
Sonda müəllif insan haqları təşkilatlarının Azərbaycanı haqsız yerə tənqid atəşinə tutan çoxsaylı bəyanatları fonunda minalarla əlaqədar Ermənistanı qınayan bir bəyanatın belə mövcud olmamasını qərəzliliyin və ikili standartların aşkar təzahürü kimi qiymətləndirib.

Diaspor 2023-10-31 17:34:00