×
A
A
A
Sazlamalar

İcmamız avstraliyalı deputatlardan Qarabağ məsələsinə qərəzsiz və balanslı yanaşma tələb edib

Bakı, 13 oktyabr, AZƏRTAC

Avstraliyada yaşayan Azərbaycan icması Qarabağ məsələsinə qərəzsiz və balanslı yanaşma tələbi ilə Yeni Cənubi Uels (NSW) ştatının parlamentinin üzvləri Syuzan Karterə, Met Krosa və Hyu MakDerota müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sidneydəki koordinatoru Mikayıl Oytanın adından deputatlara ünvanlanan məktublarda bildirilib ki, Azərbaycan icması parlamentarların bu yaxınlarda Ermənistana səfəri zamanı Qarabağ münaqişəsi ilə bağlı tərəfsizliyini pozmasından və birtərəfli açıqlamalarla çıxış etməsindən məyus olub.
Müraciətlərdə Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 30 ilə yaxın dövrdə beynəlxalq hüququn normalarına məhəl qoymadan ölkəmizə və xalqımıza qarşı xüsusi amansızlıqla müşayiət olunan qəsbkar, təcavüzkar, etnik təmizləmə, terror, vandalizm siyasəti yürütdüyü, 2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda 24 saatlıq antiterror tədbirlərinə gətirib çıxaran səbəblər və erməni əhalisinə qarşı heç bir etnik təmizləmə aparılmadığı barədə ətraflı məlumat verilib.
BMT missiyasının antiterror tədbirləri zamanı Qarabağ bölgəsində yaşayan mülki əhaliyə və infrastruktura heç bir ziyan dəymədiyi, erməni əhalisindən heç bir şikayətin daxil olmadığı faktını təsdiqlədiyi vurğulanıb.
Siyasətçilərin həssas məsələlərdən danışarkən dəqiq faktlara və sübutlara əsaslanmalı olduqları, Qarabağ münaqişəsi ilə bağlı deputatların mövqelərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Avstraliyanın rəsmi mövqeyi ilə təzad təşkil etdiyi nəzərə çatdırılıb.
Assosiasiya deputatları Qarabağ məsələsinə qərəzsiz, tərəfsiz və daha məlumatlı yanaşmağa, Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması naminə səylər göstərməyə və Azərbaycan icması ilə konstruktiv dialoqa çağırıb.

Diaspor 2023-10-13 06:11:00