×
A
A
A
Sazlamalar

Diaspor fəalı Avropa Parlamentinin sədrini Ermənistana qarşı qətnamə qəbul etməyə çağırıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər Avropa Parlamentinin (AP) 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə bağlı bu qanunvericilik orqanının sədri Roberta Metsolaya müraciət edib.
AZƏRTAC xəbər verir ki, diaspor fəalı AP-ni məsuliyyətsiz qətnamə qəbul etməkdə ittiham edib, beynəlxalq hüquq çərçivəsində öz ərazisində həyata keçirdiyi antiterror tədbirlərinə görə Azərbaycana qarşı atılan addımın yolverilməz və qəbuledilməz olduğunu diqqətə çatdırıb.
BMT missiyasının Xankəndiyə səfəri zamanı mülki infrastruktura heç bir ziyan dəymədiyi, dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı şikayətin olmadığı faktlarını təsdiqlədiyi, Avropa Parlamentinin Qarabağdan zorla qovulmuş bir milyona yaxın etnik azərbaycanlılara münasibətdə bənzər addım atmadığı, irqi, dini ayrı-seçkiliyə, ikili standartlara yol verdiyi vurğulanıb: “Sizin üçün qaçqının milliyyətinin, dininin, hansı dövlətdən olduğunun nə fərqi var? Sizdən fərqli olaraq, Azərbaycan həm sözdə, həm də əməldə bütün dinlərə və millətlərə qarşı bərabərhüquqlu siyasət yürüdür”.
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməklə Cənubi Qafqaz bölgəsində sülhə real təhlükə yaratdığı, neytral vasitəçilik öhdəliyini kobudcasına pozduğundan danışıqlarda iştirak haqqını itirdiyi, Azərbaycana qarşı bəşəri və hərbi cinayətlərə görə təkcə 30 il Qarabağda qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin deyil, həm də sayı 100 mindən artıq olduğu iddia edilən erməni əhalisinin də məsuliyyət daşıdığı vurğulanıb: “Təəssüf ki, bölgədə yaşayan etnik ermənilərdən ibarət olan hər bir ailədən Azərbaycana qarşı müharibədə və hərbi cinayətlərdə iştirak edən olub”.
AP-nin Ermənistanı işğalçı adlandırmaqdan, bu ölkəni silahlandıran əsas müttəfiqlərinin adlarını sadalamaqdan çəkindiyi, əvəzində isə Azərbaycana qardaş dövlət olan Türkiyəni ittiham etdiyi hiddətlə pislənilib: “Biz bir millət, iki dövlətik. Sizdən fərqli olaraq, Türkiyə həmişə haqqın, ədalətin, əzilən millətlərin və dövlətlərin yanındadır”.
Azərbaycan xalqının Qarabağ bölgəsinin işğaldan azad olunmasına dair BMT-nin qətnamələrinin təkbaşına icra edilməsinə rəhbərlik etmiş Prezident, Ali Baş Komandan İlham Əliyevlə fəxr etdiyi, sülhsevər və multikultural Azərbaycan dövlətinin dünya səviyyəsində humanitar missiyaya misilsiz töhfələr verdiyini vurğulayan diaspor fəalı Avropa Parlamentini mina terroruna görə Ermənistana qarşı qətnamə qəbul etməyə çağırıb.
Qeyd edək ki, erməni terrorçularının, erməni uşaqlarının, gənclərinin qisasa hazırlanması prosesini əks etdirən fotolar AP sədrinə göndərilib.

Diaspor 2023-10-13 00:33:00