×
A
A
A
Sazlamalar

Hamburqdakı azərbaycanlılar Ermənistanın terrorçu siyasəti ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər

Bakı, 26 sentyabr, AZƏRTAC
Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycan icması ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini sərt şəkildə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Alman-Azərbaycan Dostluq Körpüsü adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbərinin Azərbaycan əsilli hamburqluları dərindən kədərləndirdiyi qeyd edilib.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata və beynəlxalq hüquqazidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.
Azərbaycana dəstəyini ifadə edən Alman-Azərbaycan Dostluq Körpüsü beynəlxalq ictimaiyyəti bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiq göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.

Diaspor 2023-09-26 17:31:00