×
A
A
A
Sazlamalar

London və Mançesterdə Ermənistanın mina terroru ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın London və Mançester şəhərlərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların faciəvi nəticələrini əks etdirən məlumat xarakterli aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı müxtəlif şüarları, həştəqləri və məlumatları əks etdirən LED ekranlı yük avtomobilləri London və Mançester şəhərlərinin izdihamlı mərkəzi küçələrində hərəkət edib. Səkkiz saat davam edən aksiya müddətində avtomobil Londonun “Oxford Street”, “Regent Street”, “Picadilly, Westminister Bridge”, “Parliament Square” və Mançester şəhərinin “Picadilly Gardens”, “King Street”, “New Cathedral Street”, “Cheetham Hill Road”, “Canal Street” və digər küçələrdən keçməklə yerli sakinlərin diqqətini cəlb edib.
Məlumatlarda Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycan torpaqlarında 1,5 milyon minanın basdırıldığı, 147 min 988 hektar ərazinin yüksək səviyyədə, 675 min 570 hektar ərazinin isə orta və aşağı səviyyələrdə çirkləndirildiyi, Ermənistanın Azərbaycana qarşı mina terroru törətməsi nəticəsində 1991-ci ildən bu günədək arasında qadın və uşaqlar da olmaqla, 3393 nəfərin mina qurbanı olduğu, 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək mina qurbanlarının sayının 314 nəfərə çatdığı, onlardan 67 nəfərin öldüyü kimi faktlar, #stoparmeniancrimes, #MapsForKarabakhSafety, #KarabakhSafety kimi həştəqlər yer alıb.

Diaspor 2023-09-23 14:01:00