×
A
A
A
Sazlamalar

İştirak payının satılması zamanı elektron qaimə-faktura tərtib olunmalıdır?

Bakı, 18 avqust, AZƏRTAC

Şirkət ona məxsus olan iştirak payını satırsa, bu zaman alıcıya elektron qaimə-faktura yazılmalıdır?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Malların təqdim edilməsi zamanı mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim edilməlidir. Buna əsasən, şirkət tərəfindən vergi orqanında uçotda olan şəxsə iştirak payının təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura təqdim olunur.
Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə 2023-08-18 15:21:00