×
A
A
A
Sazlamalar

Gəncədə dönərxanaları toyuq əti ilə təmin edən müəssisədə nöqsanlar aşkarlanıb

Bakı, 16 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan şikayət əsasında Gəncə şəhərinin Əli Məmmədov küçəsi, 1A ünvanında fiziki şəxs Mustafayev Telman Şükür oğluna məxsus toyuq ətinin emalı sexində yoxlama aparılıb.
Yoxlama zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, toyuq budunun sümükdən ayrılması prosesinin antisanitar şəraitdə aparıldığı, həmçinin donmuş toyuq ətinin donunun açılması qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə uyğun olmadan kustar üsulla, açıq hava şəraitində və günəş şüalarının altında həyata keçirildiyi, eyni zamanda sümükdən ayrılmış toyuq ətlərinin sahibkar tərəfindən Gəncə şəhəri ərazisində fəaliyyət göstərən dönərxanalara paylanıldığı məlum olub.
Yoxlama zamanı toyuq budu və sümükdən ayrılmış toyuq ətindən sınaqların aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib, sınaq nəticələri məlum olanadək həmin məhsullar saxlanca qoyulub.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

Sosial 2023-08-16 17:02:00