×
A
A
A
Sazlamalar

Cari ilin birinci yarısında 45 valyuta hərracı keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Cari ilin 6 ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı keçirilib. Hesabat dövründə valyuta hərraclarının 98 faizində təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6955 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişib. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşıb, avroya, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

Maliyyə 2023-08-16 15:01:00