×
A
A
A
Sazlamalar

Xaricdə təhsil alan tələbələr Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında olublar

Bakı, 15 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun “Açıq qapı” layihəsi çərçivəsində xaricdə fəaliyyət göstərən ali məktəblərdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı ixtisasları üzrə təhsil alan Azərbaycandan olan bir qrup tələbə institutun laboratoriyalarında olub.
“Açıq qapı” gününün keçirilməsində əsas məqsəd qida məhsullarının Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə iştirakçılara göstərməkdən, eyni zamanda, laboratoriyaların imkanlarını, maddi-texniki bazasını və bu sahədə görülən işləri daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı iştirakçılara qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirilən elmi-praktiki araşdırmalar haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, İnstitut ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi əhəmiyyət verir və bu sahədə təcrübə mübadilələrinə xüsusi diqqət yetirir. İnstitut yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktik araşdırma və tədqiqat işləri aparmasına da kömək edir.
“Açıq qapı” zamanı iştirakçılar laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin onlar qida məhsullarının yoxlanılması prosesində iştirak edərək məhsulların laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər olan mərhələləri əyani şəkildə izləyiblər.

Sosial 2023-08-15 18:43:00