×
A
A
A
Sazlamalar

AÇG blokunda tikilən ACE platformasının üst modulları dayaq blokunun üzərinə yerləşdirilib

Bakı, 15 avqust, AZƏRTAC

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulları artıq dənizdə suyun 137 metr dərinliyində quraşdırılmış ACE dayaq blokunun üzərinə yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, ACE platformasından ilk neft hasilatı gələn ilin əvvəlinə planlaşdırılır. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.
ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq - ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil olunub və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin. Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37 faiz; SOCAR- 25,00 faiz; MOL- 9,57 faiz; INPEX- 9,31 faiz; Equinor- 7,27 faiz; ExxonMobil- 6,79 faiz; TPAO- 5,73 faiz; ITOCHU- 3,65 faiz və ONGC Videsh Limited (OVL)- 2,31 faiz.

Neft - qaz 2023-08-15 10:31:00