×
A
A
A
Sazlamalar

“Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı təkrar qərar qəbul edilib

Bakı, 14 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılan yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
Müəssisənin “Qida təhlükəsizliyi haqqında” Qanuna zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı və qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla əlaqədar həmin müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
Qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, buna əməl edilmədiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
Qida Təhlükəsizliyi Agentliyi insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırır.

 

Sosial 2023-08-14 18:14:00