×
A
A
A
Sazlamalar

“YAŞAT” Fondu şəhid övladları üçün Avropada ilk dəfə yay məktəbi təşkil edib

Bakı, 14 avqust, AZƏRTAC
“ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “NEQSOL Holding”in və “Bakcell”in dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində yay məktəbi başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 13-də Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçılarının yolasalınması təşkil olunub.
“YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etməkdir.
Avqustun 26-dək davam edəcək yay məktəbi Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində keçirilir.
Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzeylər gəzintisində, Lüksemburq səyahətində iştirak edəcəklər.
Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfəri əhatə edir.
Yay məktəbinin media dəstəyi ASAN Radiodur.
“YAŞAT” Fondu tərəfindən şəhidlərimizin övladları üçün mütəmadi olaraq bu cür layihələr reallaşdırılır. Məqsəd onlarının dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

 

Sosial 2023-08-14 15:58:00