×
A
A
A
Sazlamalar

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində şəhid ailələri üçün tədbir təşkil olunub

İsmayıllı, 14 avqust, Göyçək Mahmudlu, AZƏRTAC
Avqustun 13-də Türkiyənin ölkəmizdəki keçmiş səfiri Erkan Özoralın təşəbbüsü və Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfıratın təşkilatçılığı ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şəhid ailələri üçün tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, İsmayıllıda reallaşan tədbirdən əvvəl ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın uyuduğu rayondakı Şəhidlər xiyabanı ziyarət olunub. Şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, ruhuna dualar oxunub.
Heydər Əliyev adına parkda davam edən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən TÜİB-in İdarə Heyətinin üzvü Salih Tüfekçi təşkilatın Azərbaycan torpaqlarının bütövlüyü naminə canlarını fəda edən əziz şəhidlərin xatirəsini hər zaman böyük ehtiram hissi ilə yad etdiyini bildirib: “Müqəddəs dinimiz İslam dinində şəhidlik ən yüksək məqam kimi qiymətləndirilir, “Qurani-Kərim”də onların ölmədiyi qeyd olunur. Şəhidlik elə yüksək zirvədir ki, hər kəs onu fəth edə bilməz, o mövqeyə çatanlar Allah tərəfindən seçilənlərdir. Şəhidlərimizin şəfaətinə nail olmaq üçün onları yad etməli, əmanətlərini diqqətdə saxlamalıyıq. Şəhid və qazi ailələri ilə daim ünsiyyət saxlamağı, onları baş üstündə tutmağı özümüzün ən ümdə vəzifəmiz və borcumuz hesab edirik. TÜİB olaraq həyata keçirdiyimiz “Tək Millət, Tək Ürək” Beynəlxalq Platforması çərçivəsində ölkə ərazisində geniş vüsət almış bu kimi nəcib təşəbbüsləri davam etdiririk. Şanlı Zəfərimizin elan edilməsindən bu günə kimi 2 min 300 şəhid və qazi ailəsi ilə təmas qurmuş, bu və ya başqa formada öz qardaşlıq, vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışmışıq. Bu dəfə İsmayıllı rayonundan olan şəhid ailələrini paytaxt və digər rayonlardan olan şəhid ailələri ilə bir araya gətirdik. Bu cür görüşlər davamlı olaraq təşkil ediləcək”.
Müdafiə Nazirliyinin Qadınlar və hərbi qulluqçular ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova və İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlişir Süleymanov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən söz açıb, hərbi qulluqçularımızın göstərdiyi misilsiz şücaətlərdən bəhs ediblər. Qeyd olunub ki, öz gəncliyini torpaqlarımızın düşmən tapdağından xilas edilməsi, xalqımızın sülh və əmin-amanlıq içərisində yaşamasına sərf edən oğulların həyat tarixçəsinə qulaq asdıqca onların necə də xeyirxah, vətənpərvər, qorxmaz olduqları məlum olur. Yaşlarının az olmasına baxmayaraq, yüksək insani keyfiyyətlərə malik olmaları ilə sağlığında onları tanıyan hər kəsin rəğbətini qazanan Vətən fədailəri indi xüsusi hörmət, sevgi və dərin hüznlə anılır. Şəhidlərimizi yetişdirən, min bir əziyyətlə boya-başa çatdıran valideynləri ən şirin nemət olan övladlarını itirsələr də, qürurla “Vətən sağ olsun!” deyirlər. Yalnız belə vüqarlı, əyilməz valideynlər o cür qəhrəmanlar yetişdirə bilərdilər. Azərbaycanda şəhid ailələrinə yüksək diqqət və qayğıdan bəhs edən natiqlər şəhidlərimizin əmanətinə sahib çıxmağın hər bir vətəndaşın borcu olduğunu, qədirbilən xalqımızın qəhrəmanların xatirəsini və onların yadigarlarını heç zaman unutmayacağını qeyd ediblər.
Çıxış edənlər Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirib, həm sevincdə, həm kədərdə bir-birinin yanında olan hər iki ölkə arasında belə sıx münasibətin, qardaşlığın daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.

Sosial 2023-08-14 13:01:00