×
A
A
A
Sazlamalar

Ukraynalı uşaqların Şamaxıya ekskursiyası təşkil edilib

Bakı, 12 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların Şamaxıya ekskursiyası həyata keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar ölkəmizin səfalı guşələrindən olan Şamaxıda həm təbiət gözəllikləri ilə tanış olublar, həm də Safari Parka səfər ediblər.
On dörd günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı bölgələrə də səfər edərək ölkəmizlə tanış olurlar. Şamaxıdan əvvəl onların İsmayıllı, Qəbələ və Şəkiyə ekskursiyaları təşkil olunub.
Proses uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə həyata keçirilir.
Onlar düşərgə müddətində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Eləcə də psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində iştirak edirlər. Düşərgənin növbəti günləri Bakı şəhərində davam etdiriləcək.

 

Sosial 2023-08-12 15:36:00