×
A
A
A
Sazlamalar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 124 min şəxsə xidmət göstərilib

Bakı, 12 avqust, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığı əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirlik tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə:
∙ şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3 793 şəxsə sığorta ödənişi edilib;
∙ 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 min 234 şəxs üzrə birdəfəlik ödəmə verilib;
∙ şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;
∙ şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə ötən dövrdə bu kateqoriyalardan olanlara 13 min 900 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 min 500-dən çox avtomobil verilib);
∙ şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 47,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
∙ müharibə ilə əlaqədar əlilliyi olan 1 963 şəxs 41,3 min reabilitasiya vasitəsi, o cümlədən 435 şəxs 454 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;
∙ şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
∙ vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 91 min şəxsə xidmətlər göstərilib və s.
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 124 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 300 min xidmət göstərilib.

Sosial 2023-08-12 11:47:00