×
A
A
A
Sazlamalar

Özbəkistan ölkəmizin sosial sahədə elektron xidmətlər təcrübəsini öyrənir

Bakı, 11 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində (DOST RİM) Özbəkistan Prezidenti yanında Sosial Müdafiə üzrə Milli Agentliyin nümayəndələri ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş ölkəmizin sosial sahədə elektron xidmətlər təcrübəsini öyrənərək tətbiq etməkdə maraqlı olan Özbəkistan nümayəndə heyəti ilə bu sahədə təcrübə mübadiləsi aparılması məqsədi daşıyıb.
DOST RİM-in direktoru Kənan Əkpərov son illər Azərbaycanda həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə olunan uğurlar barədə məlumat verib.
Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxunun elektronlaşdırıldığı, e-sistem üzərindən 50-dən çox proaktiv xidmətin fəaliyyət göstərdiyi bildirilib. E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) innovativ üstünlükləri, ölkəmizin bu iki rəqəmsal sosial layihəsinin bu il Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə”, habelə ƏMAS-ın “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” mükafatlarına layiq görüldüyü qeyd olunub.
E-sosial portalının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində, ƏMAS-ın BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında qabaqcıl innovativ həll təcrübələri kimi təqdim edildiyi, DOST RİM-in Böyük Britaniyanın nüfuzlu Texnologiya Təchizat Şəbəkəsinin keçirdiyi İnnovasiya Mükafatları-2023 beynəlxalq müsabiqənin finalçılarından biri olduğu vurğulanıb.
Görüşdə Özbəkistandan olan nümayəndələrə ölkəmizin sosial sahədə elektron xidmətlər təcrübəsi barədə təqdimatlar edilib, ətraflı məlumatlar verilib.

 

 

Sosial 2023-08-11 17:09:00