×
A
A
A
Sazlamalar

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası heyvanlarda ektoparazitlərin təyini üzrə uğurlu nəticə əldə edib

Bakı, 11 avqust, AZƏRTAC

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin olunur.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası İngiltərənin “Vetqas APHA Scientific” şirkəti tərəfindən təşkil olunan laboratoriyalararası test proqramında heyvanlarda ektoparazitlərin təyini üzrə uğurlu nəticə əldə edib.
Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriya dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan səriştəlilik test proqramlarında yüksək nəticələr qazanmağa nail olub.

Sosial 2023-08-11 12:20:00