×
A
A
A
Sazlamalar

Gəncədə fəaliyyət göstərən ticarət mərkəzində nöqsanlar aşkarlanıb

Bakı, 11 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində V.Xuluflu küçəsi, 77 ünvanında fəaliyyət göstərən “Gəncə Bazar Store” MMC-yə məxsus “Grand Qafqaz” ticarət mərkəzində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, gigiyena qaydalarına ciddi riayət olunmadığı, süd və süd məhsullarının antisanitar vəziyyətdə yerdən yığılaraq saxlanıldığı, satışı həyata keçirilən qida məhsullarının yararlılıq müddətinə riayət edilmədiyi, kərə yağı adı altında istehlakçılara bitki tərkibli spred yağların təqdim edildiyi aşkarlanıb.
Yoxlama zamanı, həmçinin qida məhsullarının emalı yerlərinin, qida məhsulları ilə təmasda olan səthlərin təmirli vəziyyətdə olmadığı və dezinfeksiya işlərinin aparılmasına imkan verəcək şəkildə qurulmadığı, satışı həyata keçirilən ət məhsullarının mənşəyinin məlum olmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Sosial 2023-08-11 11:24:00