×
A
A
A
Sazlamalar

Tovuzda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı, 10 avqust. AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Tovuz rayonunun Çatax kəndində fiziki şəxs Həsənov İmran Məhəmmədəli oğluna məxsus “Xarı bülbül” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. Müəssisədə qida məhsullarının saxlanılması zamanı temperatur rejimi və mal qonşuluğu qaydalarına riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Sosial 2023-08-10 16:55:00