×
A
A
A
Sazlamalar

Vergi sistemində aparılan islahatlar sahibkarlıq mühitini stimullaşdırır

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində bir çox mühüm islahatlar həyata keçirilir. Bu islahatlar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənir.
AZƏRTAC xəbər verir ki, qarşıdakı hədəflərin reallaşdırılması 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Bu ilin ilk yarımilliyinin nəticələrinə görə bu müddət ərzində iqtisadiyyatımız daha da inkişaf edib. Qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi üzrə kifayət qədər artım qeydə alınıb. Qeyri-neft sənayesi 6,5 faiz, qeyri-neft sektoru isə 3 faizdən çox artıb.
Altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox olub. Bu artıma təsir edən bir çox səbəblər var. Bu, həm iqtisadiyyatın şəffaflaşması, həm sənayenin inkişafı - bütövlükdə iqtisadiyyatın diversifikasiyası nəticəsində mümkün olub. İqtisadi sahədə əldə edilən müsbət nəticələr ortamüddətli dövrdə də ÜDM-in artım tempinə uyğunlaşan bir vergi siyasətinin həyata keçirilməsini tələb edir.

İqtisadi inkişafa xidmət edən vergi islahatları

Ölkəmizin vergi sistemində iqtisadi inkişaf hədəflərinə uyğun olaraq əsaslı islahatlar həyata keçirilir. Yəni, vergi sistemində aparılan islahatlar sahibkarlıq mühitini, iqtisadi siyasəti dəstəkləyir və onun vergi yolu ilə tənzimlənməsini həyata keçirir. İqtisadi inkişaf siyasətinə vergi siyasəti real töhfələr verir. Dövlət sahibkarlar üçün minimal vergi dərəcələri müəyyən etməklə vergi yükünü yumşaldır. Bu siyasətin əsas məqsədi yerli istehsalı dəstəkləmək, kapitalın prioritet inkişafını təmin etmək və investisiya fəallığını stimullaşdırmaqdır. Dövlət Vergi Xidməti də həmin milli inkişaf prioritetlərdən irəli gələn ortamüddətli dövrün tədbirlər planlarını, islahat istiqamətlərini müəyyənləşdirir. Bunlardan birincisi, idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi, sənayeləşmənin daha da inkişafı üçün effektiv vergi tənzimlənmələrinin həyata keçirilməsidir. Mütəmadi aparılan təhlillər ölkənin hansı məhsullarının idxalından asılılığının mövcudluğunu və həmin məhsulların ölkədə istehsalının həcminin artırılması üçün nə kimi iqtisadi təşviq alətlərinə ehtiyac olduğunu müəyyən edir. Bu tənzimləmə alətlərindən biri də vergi təşviqləri olduğuna görə, yerli istehsalın təşviqi ilə bağlı vergi tənzimləmələri diqqətdə saxlanılır. Bir müddət əvvəl Vergi Məcəlləsində edilmiş dəyişikliklə ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunub. Bu yenilik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

Yerli istehsala dəstək davamlı prosesdir

Sahibkarlığın inkişafı iqtisadiyyatın inkişafı, işgüzar aktivlik, biznesin çevikliyi deməkdir. Yerli istehsala dəstək sayəsində ölkəmiz bir sıra avadanlıqları idxal edən yox, istehsal edən ölkəyə çevrilir. Xüsusən sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər yerli istehsalın artımına əhəmiyyətli töhfələr verir. Yerli istehsal müəssisələrinin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsi üçün də faydalıdır. İdxalı əvəz edən və ixracyönümlü yerli istehsalın yaradılması vətəndaşların işlə təminatına ciddi təkan verir. Ölkəmizdə sahibkarlıq üçün sabit, şəffaf və vergiödəycilərinin hüquqlarının təmin olunduğu əlverişli biznes mühiti yaradılıb. Sahibkarların fəaliyyətinin dəstəklənməsi iqtisadi inkişafa nail olmaq və yeni hədəflərə çatmaq üçün faydalı biznes mühitini təmin edir. Bu isə öz növbəsində ölkəmizə sərmayə axını, iqtisadi aktivlik və güclü iqtisadiyyat vəd edir.

 

Maliyyə 2023-08-09 14:54:00