×
A
A
A
Sazlamalar

“Məşğulluğa dəstək layihəsi” çərçivəsində daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Bakı, 9 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” ilə əlaqədar Daşkəsən və Gədəbəy rayonlarında ictimai dinləmələr təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.
İctimai dinləmələr Daşkəsən rayonunda avqustun 10-u saat 15:00-da Yuxarı Daşkəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında, Gədəbəy rayonunda isə avqustun 11-i saat 11:00-da Qazax-Tovuz Regional Məşğulluq Filialının Gədəbəy rayon xidmət şöbəsinin inzibati binasında keçiriləcək.

Sosial 2023-08-09 10:43:00