×
A
A
A
Sazlamalar

Lənkəran-Astara regionunda çiyələk əkini sahəsində və üzüm bağlarında monitorinqlər aparılıb

Bakı, 9 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir. Həmin tədbirlər çərçivəsində Agentliyin Lənkəran-Astara regional bölməsinin müfəttişləri tərəfindən regional bölmənin əhatə etdiyi inzibati ərazilərdə yerləşən 20 təsərrüfat subyektinə məxsus 124,3 hektar çiyələk əkin sahəsində monitorinqlər aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı çiyələk məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində 5 təsərrüfatda bitki və ətraf aləm üçün zərərli hesab olunan karantin tətbiq edilməyən zərərli orqanizmlərdən meyvə milçəyi, 1 təsərrüfatda pambıq sovkası, 1 təsərrüfatda isə karantin tətbiq edilən Qərb çiçək tripsi aşkarlanıb. Həmçinin çiyələk sahələrində Qərb çiçək tripsinin mövcudluğunu müəyyən etmək məqsədilə müvafiq feromon tələlər asılıb.
Çiyələk sahələri ilə yanaşı iyul-avqust ayları ərzində 11 təsərrüfat subyektinə məxsus 156 hektar üzüm bağında da monitorinqlər aparılıb, nümunələr götürülərək müvafiq müayinələrə cəlb edilib. Müayinələr nəticəsində hər hansı karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib, təsərrüfat sahiblərinə tapşırıq və tövsiyələr verilib.

Sosial 2023-08-09 10:41:00