×
A
A
A
Sazlamalar

Ukraynalı uşaqların İsmayıllıya və Qəbələyə ekskursiyaları təşkil edilib

Bakı, 8 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların bölgələrimizə ekskursiyası təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uşaqlar əvvəlcə İsmayıllı rayonunun Basqal qəsəbəsində tarixi irsimizlə tanış olub, öz koloritini qoruyub saxlayan qəsəbəni gəziblər.
Növbəti gün iştirakçıların Qəbələ rayonuna gəzintisi təşkil edilib. Onlar təbiət gözəllikləri və istirahət mərkəzləri ilə tanış olublar.
İstirahət günlərində uşaqlar üçün art-terapiya, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları da aparılır. Düşərgədə olduqları müddətdə onlar psixososial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər və ustad dərslərinə də cəlb ediləcəklər.
Ukraynalı uşaqların Şəkiyə və Şamaxıya da ekskursiyalarının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir.

Sosial 2023-08-08 16:48:00