×
A
A
A
Sazlamalar

Ağcabədidə fəaliyyət göstərən kafedə saxta alkoqollu içkilər aşkarlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağcabədi rayonunun F.Əlizadə küçəsində yerləşən “Ay işığı” kafesində mənşəyi məlum olmayan ətlərdən yeməklərin hazırlanması, müəssisənin qanunsuz olaraq fəaliyyət göstərməsi və antisanitar vəziyyətlə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında fiziki şəxs Quliyev Sabir Qəşəm oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi məlum olub. Həmçinin aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. İctimai iaşə müəssisəsində mal qonşuluğu prinsipinin pozulduğu, bəzi qida məhsullarının birbaşa döşəmə üzərində saxlanıldığı, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müşahidə edilib. Yoxlama zamanı müəssisəyə qəbul edilən xırdabuynuzlu heyvan ətlərinin müşayiətedici sənədlərinə və vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin aparılmasına dair sənədlər təqdim olunmayıb.
Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Sosial 2023-08-08 14:25:00