×
A
A
A
Sazlamalar

Sabit verginin ödənilməsi haqqında qəbzin əldə olunması ilə bağlı müraciətlər artıb

Bakı, 8 avqust, AZƏRTAC
Son zamanlar “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergiödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunu nəzərə alaraq, iş vaxtının artırılması zərurəti yaranan xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-dək artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir.
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün vergiödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər. Həmçinin yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeydedilən elektron xidmətdən faydalanmaq mümkündür.
Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmaq, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadığı halda müraciət etmək tövsiyə olunur.

Maliyyə 2023-08-08 10:51:00