×
A
A
A
Sazlamalar

Qazax və Ağstafa rayonlarındakı meyvə bağlarında monitorinqlər aparılıb

Bakı, 7 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirilir. Agentliyin Qazax-Tovuz regional bölməsinin fitosanitar müfəttişləri Qazax və Ağstafa rayonları ərazisində yerləşən fındıq, alma, şaftalı, ərik və nektarin bağlarında monitorinqlər aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı bağlarda Aralıq dənizi meyvə milçəyi və şaftalı meyvəyeyəni zərərvericilərinin mövcud olub-olmamasını müəyyənləşdirmək məqsədilə delta tipli feromon tələlər asılıb. Baxış keçirilən bağlardan torpaqda olan pestisidlərin qalıq miqdarını və zərərli orqanizmləri müəyyənləşdirməkdən ötrü laborator müayinələr üçün nümunələr götürülüb.
Eyni zamanda monitorinqlər çərçivəsində Qazax və Ağstafa rayonları ərazisindəki günəbaxan təsərrüfatlarında qəhvəyi mərmər bağacığına qarşı aqreqasiya tipli feromon tələlər quraşdırılıb və müxtəlif təsərrüfatlarda əvvəl quraşdırılmış tələlərə təkrar baxış keçirilib.

Sosial 2023-08-07 12:20:00