×
A
A
A
Sazlamalar

Əlilliyi olan 700-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib

Bakı, 7 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən indiyədək 723 nəfər əlilliyi olan şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzlər tərəfindən səyyar formada göstərilən reabilitasiya xidmətlərinə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, eləcə də, əmək terapiyası daxildir.
Səyyar xidmətdən yararlanmaq istəyən əlilliyi olan şəxs və ya onun qanuni nümayəndəsi nazirliyin "142 Çağrı Mərkəzi"nə, yaxud yaşayış yeri üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməlidir.
Şəxsin reabilitasiya potensialını müəyyən etmək məqsədi ilə müvafiq mərkəzin ixtisaslı həkim və psixoloqlarından ibarət səyyar briqada tərəfindən onun yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirilmə aparılır, diaqnoz və göstərişlərə uyğun olaraq səyyar xidmətə dair rəy verilir. Vətəndaşın faktiki vəziyyəti səyyar xidmətə cəlb edilən diaqnozlara uyğun olduğu halda mütəxəssislər tərəfindən fərdi reabilitasiya proqramı tərtib edilir, icra olunacaq prosedurların tarixi, sayı və müddəti müəyyən edilir.
Səyyar xidmətin əsas məqsədi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxslərə evdə reabilitasiya xidmətinin göstərilməsi, reabilitasiya xidmətlərinə əlçatanlılığın artırılması, həmçinin, reabilitasiya prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, növbəliliyin azaldılmasıdır.

 

 

Sosial 2023-08-07 10:16:00